Azərbaycan ərazisi memarlıq abidələri ilə zəngindir


Qədim insanların bədii yaradıcılığı Neolit və Eneolit dövrlərinə aid abidələrdən məlumdur. Təbii-coğrafi və iqlim şəraitinin müxtəlifliyi lap qədim dövrlərdən Azərbaycan sənətkarlarını müəyyən tikinti-memarlıq problemlərinin həllinə sövq edirdi. Müxtəlif memarlıq tikililərinin yaranması və yayılmasında Azərbaycanın tarixən inkişaf etmiş vilayətlərinin önəmli rolu olmuşdur. Qobustanda ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və sairə) ilə yanaşı, meqalitik memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri də aşkar edilmişdir. Azərbaycanın müxtəlif yerlərində tez-tez təsadüf edilən siklop tikililər xüsusilə maraq doğurur. Hündür daşlardan quraşdırılmış qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhəri yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilində Qaratəpə dağındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. XII əsrin başlanğıcı Azərbaycanda feodal dövlətlərinin yaranması və güclənməsi ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın siyasi müstəqilliyi yerli mədəniyyət ənənələrinin inkişafı üçün imkan yaratdı. Ölkənin əksər vilayətlərini birləşdirən dövlətlərin yaranması incəsənət və memarlığın inkişafına, memarlıq-inşaat ənənələri əsasında yerli memarlıq məktəblərinin meydana gəlməsinə səbəb oldu. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif Küseyir oğlu (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Marağadakı Göy günbəz türbəsi (1196-cı il, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna xüsusilə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında əsas yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi Qırmızı günbəz türbəsidir (1148-ci il, memar Bəkir Məhəmməd). Urmiyada tikilmiş "Üç günbəz" türbəsi (1185-ci il, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır. VII-XIII əsrlərdə Azərbaycanda bir sıra möhtəşəm körpülər salınmışdır. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (VII əsr) və 11 aşırımlı (XI əsr) Xudafərin körpüləri, indiki Qazax rayonundakı 4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII əsr), Gəncəçayın üzərindən salınmış 3 körpü (qalıqları; XII-XIII əsrlər), Cənubi Azərbaycanın Miyanə şəhəri yaxınlığında, Qızılüzən çayı üzərindəki körpü (Qız körpüsü, XII əsr) və başqaları xüsusilə diqqəti cəlb edir. XV əsr Təbriz memarlıq məktəbinin ən gözəl abidələrindən biri Təbrizdəki Göy məsciddir (1465-ci il, memar Xacə Əli Gücəci, nəqqaş Nemətulla Bevvab). "İslamın firuzəsi" adlandırılan Göy məscidin memarlıq quruluşu, monumental günbəzi, kvadrat biçimli böyük salonu, rumi və islimi naxışları, kaşı və oyma bəzəkləri, nəstəliq, kufi, süls və rüqə xətləri ilə işlənmiş kitabələri XV əsrdə Azərbaycan memarlıq-inşaat sənətinin yüksək inkişaf səviyyəsini göstərir. Gəncədəki İmamzadə türbəsi (XIV-XVII əsrlər) də Azərbaycanın önəmli dini tikililərindəndir. Üzərindəki kitabədə türbənin imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üzərində tikildiyi göstərilir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmışdır. XVII əsrdə Azərbaycan şəhərləri arasında iqtisadi əlaqələrin güclənməsi, başqa ölkələrlə ticarətin genişlənməsi şəraitində şəhərlərin önəmli dərəcədə böyüməsi prosesi başlandı. Azərbaycan şəhərləri həm ticarət, həm də sənətkarlıq mərkəzləri idilər. Buna görə də XVII əsrdə şəhərsalmanın inkişafı müvafiq iqtisadi şəraitlə bağlı olmuşdur. Bu dövrdə iri dini tikililər, ticarət kompleksləri, karvansaralar, örtülü bazarlar və sairə inşa edilir, müəyyən hallarda dini tikililərlə ticarət binaları vahid kompleks əmələ gətirirdi. Şəhərlərin mərkəzi meydanı cümə məscidi ətrafında formalaşırdı. Belə komplekslər baş meydanın ansamblını təşkil edirdi. Bu ansamblların ən məşhuru Gəncənin baş meydanıdır. XIX əsrin ortalarında Azərbaycan şəhərlərinin memarlıq-planlaşdırma quruluşunda mühüm dəyişikliklər əmələ gəldi, quberniya mərkəzlərinin baş planları tərtib edildi (Şamaxı, 1858-ci il; Gəncə, 1873-cü il). 1810-cu ildən başlayaraq, Bakının İçərişəhər hissəsindən kənarda Bayırşəhər salındı. Şəhərin hərbi mühəndislər tərəfindən tərtib edilmiş ilk planları XIX əsrin 70-ci illərindən yeni baş planlarla əvəz olundu. XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakının genişlənməsi və müntəzəm plan əsasında tikilməsinə baxmayaraq, şəhər kapitalizm dövrünün şəhərsalma təzadlarını qabarıq şəkildə əks etdirirdi. Bu dövrdə quberniya mərkəzlərində mühəndis və memar, şəhərlərdə isə memar vəzifəsi təsis olundu. Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi (1991) memarlıq və şəhərsalma sahəsinə də əsaslı təsir göstərdi. Ötən əsrin 60-80-ci illərində Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlər üçün səciyyəvi olan vahid, bəsit, yeknəsəq tipli, iri bloklu, lazımi daxili rahatlığı olmayan binaların layihələrindən imtina edildi. 90-cı illərin ortalarında Bakıda "İstanbul evləri" adlandırılan yaşayış binalarının tikintisinə üstünlük verilsə də, sonralar yerli memarların hazırladığı, şəhərin iqlim şəraitinə, relyefinə uyğun olan layihələrdən daha geniş istifadə olunmağa başlandı. Yeni tikililərdə müasir Qərb üslubu ilə yanaşı, klassik Şərq memarlığına xas olan elementlərdən də faydalanma (bəzən də onların birləşdirilməsi) nəticəsində şəhərin görkəmində müəyyən dəyişikliklər baş verdi. Dəmir-beton karkasın, kərpic və şüşənin, yerli üzlük daşların geniş tətbiqi son dövrün çoxmərtəbəli binaları üçün səciyyəvidir. Sənaye üsulu ilə hazırlanan üzlük materiallardan da geniş istifadə olunur. Son illərdə Bakıda çoxmərtəbəli (18-22) binaların tikintisinə üstünlük verilir. Azərbaycanda dini azadlığın təmin olunması bir çox yeni məscidlərin, kilsə və sinaqoqların, türbələrin və sairə tikintisinə, köhnələrin bərpa və təmirinə imkan yaratmışdır. Yeni məscid binaları üçün orta əsrlərin memarlıq ənənələri səciyyəvidir (məsələn, Bakıda Bibiheybət məscidi). Konservatizm, habelə sadəlik bu cür tikililərə daha çox xasdır.

 





Menyu
menyu