Azərbaycan dünyanın ən qədim və zəngin tarixə malik olan guşələrindən biridir


Füzuli bölgəsi yaxınlığındakı ilk insan məskəni sayılan Azıx mağarası, Naxçıvandakı Kültəpə, Qazaxdakı Baba-Dərviş abidələri, Bakı şəhəri yaxınlığındakı Qobustan qaya təsvirləri və s. Azərbaycanın ərazisində yurd salmış insanların hələ uzaq keçmişlərdə coşqun həyat və yaradıcılıq prosesi keçirdiyini göstərir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Onun incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən sənət növləri xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı, bəzəyi və memarlığına qədər böyük sahəni əhatə edir. Daş abidələrimiz xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti,dünyagörüşü və zövqü haqqında geniş məlumat verir.
Parisin Luvr, Londonun Viktoriya və Albert, Nyu-Yorkun Metropoliten, Sankt-Peterburqun Dövlət Ermitajında, İstanbulun Topqapı, Türk və islam əsərləri muzeyində və başqa yerlərdə beş yüz, min il və ondan da əvvəl Azərbaycan torpağında yaradılmış sənət nümunələri saxlanılır.
Qobustan qayaları üzərindəki qədim dövrə aid ovçu təsvirləri estetik normalardan xeyli kənar, sxematik bir tərzdə verilirdi. Araşdırmalar göstərir ki, Qobustan qayaları üzərində təsvir olunmuş heyvan fiqurları insan fiqurlarına nisbətən daha real və həyati təsvir edilirdi. İbtidai insanlar hələ ova getməzdənəvvəl ovlayacağı heyvanın dəqiq rəsmini çəkir, xarakterini öyrənir, sonra isə rəsmi hədəfə çevirib ona qalib gələrək ova çıxırdı. Deməli, vəhşi heyvanın obrazı başqa təsvirlərə nisbətən ibtidai rəssamın daha çox diqqət mərkəzində olurdu.
    VII yüzilliyin ikinci yarısında Azərbaycan Xilafətin tərkibinə daxil edilir.Azərbaycanda islam dininin yayılması xalqın taleyində dönüş oldu, onun mənəvi mədəni inkişafına təkan verdi. İslamaqədərki mədəniyyətin məzmunu dəyişərək yeni keyfiyyət kəsb etdi. Azərbaycan mədəniyyəti ümumislam mədəniyyəti ilə qovuşdu. Ölkənin şimali və cənubunun xilafətin tərkibində birləşdirilməsi siyasi sabitlik üçün zəmin yaratdı, xalqın birləşməsinə kömək etdi.
IX əsrin ortalarında xilafətin əsaslarının sarsılması Azərbaycanda yeni feodal dövlətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Feodal dövlətlərinin qüvvətlənməsi və inkişafı ilə əlaqədar olaraq Azərbaycanın iqtisadi və mədəni əlaqələri xeyli güclənmişdi. Yaxın, Orta Asiya və Avropa ölkələri ilə geniş ticarət əlaqələri ölkənin iqtisadiyyatının canlanmasına, inkişaf yoluna düşməsinə səbəb olurdu. 
XI yüzillikdə Azərbaycanda gedən feodal toqquşmalarından sonra, XIIyüzillikdə ölkədə xeyli sabitləşmə prosesi başlanır. Səlcuq dövlətinin tərkibində olan Azərbaycanda bu zaman Atabəylər və Eldəgizlər hakimiyyəti çərçivəsində qüvvətli yerli dövlət yaranır. Eldəgizlər dövlətinin şimal sərhədi Kür çayına qədər uzanır, cənubda isə bütün Azərbaycan ərazisi və İraqın bir hissəsi onların hökmranlığına daxil  olur. Beləliklə, XII yüzillikdə Azərbaycanda iki yerli müstəqil dövlət sabitləşir. Siyasi cəhətdən bu sabitləşmə iqtisadiyyat sahəsinə də müsbət təsir göstərir.
XI-XV yüzilliklər Azərbaycan tarixinin mürəkkəb və zəngin dövrlərindən sayılır. Bu müddətdə Azərbaycanda müxtəlif xarakterli ictimai-iqtisadi, siyasi, mədəni, etnik və s. proseslər baş vermişdir. Həmin dövrlərdə Azərbaycan torpağı alim Nəsirəddin Tusi və Xətib Təbrizi, dahi şair Nizami Gəncəvi, Xəqani Şirvani, İmadəddin Nəsimi, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani və başqa görkəmli simalar yetişdirmişdir. 


Xalçalarımızda əjdaha motivinə geniş yer verilməsi əbəs yerə deyildir,çünki o, uzaq keçmişlərdən türkdilli xalqların həyatı, məişəti, folkloru,mifologiyasında görkəmli yer tutmuşdur. XVI-XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış, yüksək inkişaf etmiş növünü kitab miniatürü təşkil edirdi. XVI-XVII yüzilliklərdə Azərbaycan parçaları içərisində ən görkəmli yeri saray emalatxanalarında toxunan ali və zərli adlı parçalar tutur.
XVIII yüzillikdə Azərbaycan, feodal xanlıqlar arasında parçalanmışdı. Ölkənin ərazisi öz müstəqil iqtisadivə siyasi həyatilə yaşayan ayrı-ayrı hökmdarlıqlardan ibarət idi. Bakı, Quba, Şamaxı, Qarabağ,Naxçıvan,Gəncə, Şəki, Dərbənd, Təbriz, Ərdəbil, Urmiya, Marağa və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi sənətlərin inkişafına da az təsir etmirdi.
XX yüzillikdə Azərbaycan incəsənəti milli bədii irsin zənginqaynaqlarından, eləcə də dünya mədəniyyətinin mütərəqqi ənənələrindən və novator nailiyyətlərindən faydalanma yolu ilə yüksək inkişaf mərhələsinə çatmışdır. Mübaliğəsiz qeyd etmək olar ki, həmin dövrün olduqca gərgin, mürəkkəb, dinamik siyasi və ictimai şəraitində formalaşıb boya-başa çatmış milli incəsənətimizdə özünəməxsus tərəqqi və intibah baş vermişdir. Bunun başlıca səbəbi xalqın həyatında, cəmiyyətdə, mənəvi mədəniyyətin müxtəlif sahələrində gözəçarpan yeni təmayüllərin, yeni estetik tələblərin yaranması ilə bağlı olmuşdur.
XX yüzillikdə Azərbaycan incəsənətində klassik bədii irsin zəngin ənənələridavam etdirilməklə yanaşı, zamanın estetik tələblərinə və zövqünə cavab verənrealist sənət üslubu əhəmiyyətli rol oynayır. Bədii sərvətlərin yaranması, yayılması, təbliği üçün beynəlmiləl əlaqələr geniş vüsət alır, sənətdə üslub rəngarəngliyi, müxtəlifliyi üçün meydan açılır, bununla əlaqədar nəzəri fikir və sənətşünaslıq sahəsində də müəyyən yeniləşmə prosesi gedir.


 

 

 





Menyu
menyu