Xalçaçılıq


Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.


Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir.


Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.


XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.

XVIII əsrin II yarısında Azərbaycanın Şimalı kiçik feodal — Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan xanlıqlarına bölünməyə başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.

1872-ci ildə Moskvada " Moskva-Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.

Xovsuz xalçaların növləri. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. 

 

Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan — kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür.
- Palaz
- Cecim 
- Ladı 
- Kilim 
- Şəddə
- Vərni 
- Zili 
- Sumax
Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:
1. Quba
2. Bakı yaxud Abşeron
3. Şirvan
4. Gəncə
5. Qazax
6. Qarabağ 
7. Təbriz

1. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə — dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir.

 

 2. Bakı məktəbi Abşeronun kəndlərini — Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xiləbuta", "Xilə-əfşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" və s. çeşnilər daxildir.

3. Şirvan xalçaçılıq məktəbi

Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə", "Qobustan", "Şirvan", "Kürdəmir", "Şilyan", "Şirəlibəy", "Çuxanlı","Bico", "Sor-Sor", "Hacıqabul" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI - VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.

4. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.

Gəncə xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Gölkənd", "Fəxralı", "Çaykənd", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.
5. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.

Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.
Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, İcevan, Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi, Borçalı xalça mərkəzini  Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.

Qazax qrupuna, "Şıxlı", "Borçalı", "Qaymaqlı", "Qaraqoyunlu", "Qarayazı", "Qaraçöp", "Qaçağan", "Dağkəsəmən", "Dəmirçilər", "Kəmərli", "Göyçəli", "Salahlı" və s. çeşnili xalçalar daxildir.

Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə-Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.

6. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul  olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı — gəbələr geniş yayılmışdır.

 

1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür - bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.
7. 1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826-28-ci illər Rusiya-İran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla, ölkənin cənub hissəsi İranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da "Cənubi Azərbaycan" termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada İran xalçaları adı ilə tanındı.
Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Artıq XI-XII əsrlərdə çiçəklənmə dövrü keçirən Təbriz xalçaçılıq məktəbi XIII-XIV əsrlərdə Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəmiş, XVI-XVII əsrlərdə yüksək inkişaf mərhələsinə çatmışdı. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbriz xalçaçılıq məktəbi əsas xalça kompozisiyalarına görə 2 qrupa ayrılır: Təbriz və Ərdəbil qrupları. Təbriz qrupuna "Təbriz", "Baxşayış", "Qərəcə", "Görəvan", "Heris", "Ləçəkturunc", "Əfşan", "Ağaclı", "Ovçuluq", "Dörd fəsil" kompozisiyaları, Ərdəbil qrupuna "Ərdəbil", "Şeyx Səfi", "Şah Abbası", "Sərabi", "Zəncan", "Mir" və "Açma-yumma" çeşniləri daxildir. Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt", "Bağ-meşə", "Balıq", "Buta", "Dərviş", "Kətəbəli", "Gördəst", "Göllü-guşəli", "Güldanlı", "Leyli və Məcnun", "Məşahir", "Mun", "Namazlıq", "Nəcaqlı", "Sərvistan", "Sərdari", "Səhənd", "Silsiləvi ləçək", "Fərhad və Şirin", "Xəyyam", "Xətai", "Həddad", "Çərxi-gül", "Ceyranlı" və s. klassik kompozisiyaları da məşhurdur. Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur "Şeyx Səfi" xalısı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəridir.

 

XX əsrdə xalçaçılığın inkişafı. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çoxcəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış süjetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça"nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.

Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ-tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran" (1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1949-cu ildə kollektiv müəlliflərlə birgə yaratdığı "Stalin" xalçasına görə 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın "Bəndi-Rumi" (1980,1981), "Ləçəkturunc" (1981), "Xətai" (1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik" (1983), "Kətəbəbəndlik" (1984), "Əsrlərin nəğməsi" (1985) və s. xalçaları nümayiş etdirilmişdir. L.Kərimovun çox cildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.

Müasir dövrdə xalçaçılığın inkişafı

2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edildi. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin bu siyahıda yer alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir. Orijinal üslubda inşa olunan bükülmüş xalçanı xatırladan Xalça Muzeyinin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır ki, bu da bu sənət növünün müxtəlif dövrlərdəki inkişafını əks etdirir. Muzeydə Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur "Şeyx Səfi" xalçasının surəti, eləcə də XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalar da yer alıb. Son illər dövlətimiz tərəfindən xarici ölkələrdə saxlanılan Azərbaycan xalqına məxsus sərvətlərin geri qaytarılması məqsədilə görülən müvafiq tədbirlərin nəticəsi olaraq Xalça Muzeyinin kolleksiyası daha da zənginləşib. Belə ki, Cənab İlham Əliyevin "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" 07.12.2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında 07.02.2005-ci il tarixli Fərmanının 4.1.4 maddəsindəki "Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılması" bəndinə əsasən muzeyi beynəlxalq aləmdə təbliğat işlərini davam etdirilir. Aparılan uğurlu işlərin məntiqi nəticəsi olaraq Şərq xalçası və tekstili üzrə Çikaqo (ABŞ) cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd Azərbaycan xalçası — "Əjdahalı" (Qarabağ, XVII əsrin sonu) və "Səlyan Xiləsi" (Şirvan, XIX əsr) muzeyə hədiyyə olunub. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsi deməkdir.

Torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsi ilə əlaqədar olaraq təbii, maddi-mədəni abidələrimizin də talan olunaraq “əsir düşməsi” faktı təkzibedilməzdir. Onlardan bəziləri xaricdə yaşayan həmvətənlərimiz tərəfindən alınaraq öz vətəninə qaytarılır. Azərbaycan Xalça Muzeyinin xovlu xalçalar kolleksiyasında Qarabağ qrupunun qeyri-adi tarixə malik “Baxçadagüllər” xalçası saxlanılır. 2017-ci ilin fevral ayında əslən Azərbaycandan olan ABŞ vətəndaşı Elşad Tahirov incəsənət əşyalarının virtual ticarətini həyata keçirən saytda onun diqqətini cəlb edən xalçaya rast gəlir. Qeyd edək ki, Los-Ancelesdə yaşayan E.Tahirov Azərbaycan xalçalarımızı və görkəmli alimi, xalçaçı-rəssam, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun yaradıcılığı haqqında kitabları toplamağı sevir, tez-tez internetdə maraqlı sənət əsərləri və məlumatlar axtarır. Bu dəfə kolleksiyaçının diqqətini cəlb etmiş xalçanı təsvir edən yazıda qeyd edilirdi: “Qədim Ermənistan. Qarabağ xalçası”. Lakin, xalçada Azərbaycan dilində kiril əlifbası ilə toxunmuş “1 yanvar 1979-cu il Sərvərin doğum gününə anasından hədiyyə” yazısı bu əşyanın Azərbaycana aid olduğunu dəqiq sübut edir və belə bir nəticəyə gəlinir ki, xalça erməni işğalçıları tərəfindən ölkəmizdən çıxarılmışdır. Və budur, əsrin dörddə biri keçdikdən sonra, Elşad Tahirov bu xalçanı hərracda alır və 2017-ci ilin mayında Bakıya − Azərbaycan Xalça Muzeyinə göndərir. E.Tahirov əşya sahibini tapmağa çalışsa da, buna nail ola bilməyib xalçanı muzeyə hədiyyə edir. Qeyd edək ki, bu uzun illərdən sonra erməni işğalından qayıtmış ilk xalçadır.   

2015-ci il iyulun 15-də Kannın Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub. Sərgidə Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri – milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. İlkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adıçəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılmış, filiallar fəaliyyətə başlamış, "Azərxalça"nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilmiş, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.





Menyu
menyu