BALET


Q.Qarayevin "Yeddi gözəl" baleti ilə (1952, Nizaminin eyniadlı poeması üzrə; baletmeyster P.A.Qusev, Azərbaycan Opera və Balet Teatrı, 2-ci redaksiyası 1959; 3-cü redaksiyası 1978) Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuşdur.


60-80-ci illərdə ümumbəşəri ictimai əhəmiyyət daşıyan mövzular müasir dövrün aktual fəlsəfi-etik problemləri ilə əlaqədə verilirdi. Yeni forma, ifadə vasitələri axtarışları aparılırdı. Folklorla əlaqə yeni musiqi təfəkkürü sistemi səviyyəsində təzahür edirdi. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilirdi. Arif Məlikovun "Məhəbbət əfsanəsi" (1961), "Bu torpaqda iki nəfər" (1969), "İki ürək dastanı" (1982), F.Əmirovun "Nə-simi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazandı. Bu dövrdə Niyazi ("Çitra", 1962, 2-ci redaksiya, 1972), Əşrəf Abbasov ("Qaraca qız", 1965), R.Hacıyev ("Ləzgi-həngi", "Yallı", "Hürriyyə" və s., 1969, 1970, 1979), T.Bakıxanov ("Xəzər balladası", "Şərq poeması", 1968, 1989), F.Qarayev ("Qobustan kölgələri", "Kaleydoskop", 1969, 1971), L.Vaynşteyn ("İlham", 1977), N.Məmmədov ("Humay", 1981), A.Əlizadə ("Babək", 1986) balet əsərləri yaratdılar. R.Mustafayevin "Vaqif" (1960), S.Ələsgərovun "Bahadır və Sona" (1961), V.Adıgözəlovun "Ölülər" (1963), Z.Bağırovun "Aygün" (1972), Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz" (1971), Ş.Axundovanm "Gəlin qayası" (1972), M.Quliyevin "Aldanmış kəvakib" (1977), C.Cahangirovun "Xanəndənin taleyi" (1978) əsərləri 60-70-ci illər Azərbaycan opera sənətini təmsil edirdi. R.Hacıyevin "Romeo mənim qonşumdur" (1960), "Kuba, məhəbbətim mənim" (1963), "Yolayrıcı" (1981) və s. operettaları müxtəlif səhnələrdə tamaşaya qoyulmuşdur. Q.Qarayevin "Coşğun qaskoniyalı" müziklində (1973; E.Rostanm "Sirano de Berjerak" pyesinin motivləri üzrə) janrın yeni aspektləri meydana çıxdı. Bu dövrün Azərbaycan operettası Z.Bağırov ("Qaymana", 1964), S.Ələsgərov ("Milyonçunun dilənçi oğlu", 1966; Ü.Hacıbəyov ad. respublika mükafatı, 1967), T.Quliyev ("Sənin bircə sözün", 1967), A.Məlikov ("Dalğalar", 1967), A.Rzayev ("Hacı Kərimin aya səyahəti", 1967), T.Bakıxanov və N.Məmmədov ("Məmmədəli kurorta gedir", 1969), Vasif Adıgözəlov ("Nənəmin şahlıq quşu", 1971), Emin Sabitoğlu ("Hicran", 1973) və başqalarının əsərləri ilə təmsil olunmuşdur.


Müstəqillik dövründə musiqili teatr - opera və balet səhnəsi üçün yazılan əsərlər azdır. Ölkənin mövcud ictimai-siyasi, iqtisadi durumundan gələn obyektiv və subyektiv səbəblər üzündən bu janrların inkişafında durğunluq nəzərə çarpır. Balet janrı bir sıra yeni əsərlərlə zənginləşir (X.Mirzəzadə, "Ağlar və Qaralar", 2000; A.Əlizadə, "Qafqaza səyahət", 2002; P.Bülbüloğlu, "Eşq və ölüm", 2005).





Menyu
menyu