KİNO


Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il ölkədə xarici filmlərin ilk nümayişi (yanvarın 8-də), Azərbaycan filmlərinin ilk çəkilişi (mayın 31-də, iyunun 6-da) və göstərilməsi (iyunun 21-də, avqustun 2-də) ilə bağlıdır. Azərbaycan kinosunun səssiz dövrü (1898-1935) həm sənədli, həm də bədii növlərin formalaşması ilə səciyyəvidir.

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) yaranması ölkədə mədəni həyatın canlanmasına böyük təkan verdi. Cümhuriyyətin birinci ildönümü münasibətilə Azərbaycanın əksər bölgələrində el şənlikləri, Bakıda isə möhtəşəm teatrlaşdırılmış təntənələr keçirildi. Bununla əlaqədar 1919 ildə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film çəkilərək ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Minyon", "Ladya", "Mədənçi" və s. kinoteatrlar fəaliyyət göstərirdi. 1924 il-də AFKİ-nin istehsalı olan ikiseriyalı "Qız qalası əfsanəsi" (rejissor Vladimir Ballyuzek) bədii filmi ekranlara çıxdı. Milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edilmişdi. Cəfər Cabbarlı, M.Mikayılov, Ağarza Quliyev və b. burada oxumuşlar. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Vsevolod İllarionoviç Pudovkin, İqor Andreyeviç Savçenko, Nikolay Mixayloviç Şengelaya, Mixail Edişeroviç Çiaureli kimi məşhur kinorejissorlar, Q.M.Lemberq, V.R.Lemke, Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Vasilyeviç Kosmatov, Yevgeni Şneyder və b. kinooperatorlar Bakıya dəvət olunmuş, C.Cabbarlı, Abbas Mirzə Şərifzadə və digərləri kino yaradıcılığı işinə cəlb edilmişdi [AFKİ sonralar "Azdövlətkino" (1926-30), "Azərkino" (1930-33), "Azfilm" (1933), "Azdövlətkinosənayesi" (1934), "Azərfilm" (1935-40), Bakı kinostudiyası (1941-59) kimi adlar daşımışdır. 1961 il-dən C.Cabbarlı adına "Azərbaycan-film" kinostudiyası adlanır.

Azərbaycan kinosunun sonrakı mərhələsi (1935-60) səsli kinonun yaranması və geniş inkişafı ilə bağlıdır. 1935-ci ildə "Azərfilm"in "Mejrabpomfilm" kinostudiyası (Moskva) ilə birgə yaratdığı "Mavi dənizin sahilində" (rejissor Boris Barnet, S.Mərdanov) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda tanınmış sovet kinoaktyorları Lev Naumoviç Sverdlin, Nikolay Afanasyeviç Kryuçkov, Yelena Aleksandrovna Kuzmina və b. çəkilmişlər. 1936-41 illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.

Müharibədən sonrakı illərdə "Sovet Azərbaycanı" (ildə 36 nömrə; "Ordenli Azərbaycan" kinojurnalının yeni adı) ilə yanaşı "Gənc nəsil" (ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlanıldı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlər İmran Qasımov, Ədhəm Qulubəyov, rejissorlar Zeynəb Kazımova, Lətif Səfərov, operatorlar Arif Nərimanbəyov, Teyyub Axundov, Xan Babayev, bəstəkarlar Qara Qarayev, Tofiq Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının 1945-46-cı illərdə azadlıq mübarizəsindən bəhs edən "Arazın o tayında" (1947, rejissorlar Esfir İlyiniçna Şub, İ.Əfəndiyev) tammetrajlı filmi diqqəti cəlb edirdi. Respublikada sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə "Sovet Azərbaycanı" (rejissorlar M.Dadaşov, F.Kiselyov) rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq görüldü.

1960-80-ci illər Azərbaycan kinosunun dirçəliş dövrü olmuşdur. 60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" (1960, rejissor Hüseyn Seyidzadə) bədii filmi genişekranlı rəngli Azərbaycan kinosunun ilk nümunəsidir. "Səhər" (1960, rejissor A.Quliyev) filmi Bakıda 1905-07-ci illər inqilabi hadisələrindən bəhs edir. "Mahnı belə yaranır" (1957, rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə, "Leyli və Məcnun" (1962, rejissor L.Səfərov) əbədi məhəbbət mövzusuna həsr edilmişdir. 

"Arşın mal alan" filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrma meyil güclənmişdir. "Görüş" (1955, rejissor T.Tağızadə), "Bəxtiyar" (1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), "O olmasın, bu olsun" (1956, rejissor H.Seyidzadə; Azərbaycanda ilk rəngli bədii film), "Romeo mənim qonşumdur" (1963, rejissor Ş.Mahmudbəyov), "Ulduz" (1964, rejissor A.Quliyev), "Əhməd haradadır?" (1965, rejissor A.İsgəndərov), növbəti ekran təcəssümündə "Arşın mal alan" (1965, rejissor T.Tağızadə), "Qaynana" (1978, rejissor H.Seyidzadə) və s. filmlərdən bu ənənə davam etdirilmişdir.
90-cı illərin ikinci yarısından Azərbaycan kinosu müstəqil şəkildə beynəlxalq festivallarda iştirak etməyə başlamış və bir sıra uğurlar qazanmışdır. Rejissor Ayaz Salayevin "Yarasa" bədii filmi 1996 ildə Fransanın Anje şəhərində keçirilən beynəlxalq kinofestivalda Qran-Pri mükafatına layiq görülmüşdür. Hüseyn Mehdiyev "Özgə vaxt" bədii filminə görə Madrid kinofestivalında ən yaxşı rejissor işi üçün təsis olunmuş "Qızıl Sevilla", Ayan Mirqasımova ən yaxşı gənc aktrisa üçün təsis edilmiş "Gümüş Sevilla" prizlərini almışlar. A.Mirqasımova həmin filmdəki roluna görə 1997 ildə Daşkənddə keçirilən XII Beynəlxalq kinofestivalda "Qızıl Zanbaq", Rusiyada keçirilən "Kinoşok" festivalında (1997) qadın rolunun ən yaxşı ifaçısı mükafatlarına layiq görülmüşdür. Rejissor Yavər Rzayevin (o, həm də ssenari müəllifidir) "Sarı gəlin" bədii filmi "Kinoşok" festivalında (1999) ən yaxşı ssenariyə görə baş mükafat, V.Mustafayevin "Hər şey yaxşılığa doğru" bədii filmi  Oberhauzen (Almaniya) Beynəlxalq kino-festivalında (1999) bir neçə mükafat, Karlovı Varı festivalında (2000) "Azadlıq" prizi, O.Mirqasımovun "Ovsunçu" bədii filmi Kazan şəhərində keçirilən I Beynəlxalq müsəlman kinosu festivalında (2005) "Ən yaxşı bədii film" nominasiyası üzrə mükafat almışlar.

 





Menyu
menyu