Rəqs Azərbaycan xalq incəsənətinin əsas tərkib hissələrindən biridir


Azərbaycan rəqs sənətinin yaranma tarixi barədə ən qədim məlumatları Qobustandakı qayaüstü rəsmlər (e.ə. 12-6-cı minilliklər) və digər maddi-mədəni abidalər, "Avesta" (e.ə. 1-ci minilliyin 1-ci yarısı), "Kitabı-Dədə Qorqud" və b. ədəbi mənbələr verir. Qədim rəqslər müxtəlif ayin və mərasimlərdə insan duyğularının ifadəçisi olmuş, əmək fəaliyyətini yüngülləşdirmək funksiyası da daşımışlar. Orta əsr rəqsləri xalq və professional növlərinə bölünmüş, vokal, instrumental və vokal-instrumental müşayiətlə kütləvi ("Yallı", "Cəngi", "Ovçular rəqsi"), yaxud fərdi şəkildə qadınlar, kişilər tərəfimdən ifa olunmuşdur.

Ənənəvi rəqslər xalqın məişəti, adət və ayinləri ilə bağlı olub mərasim, etiqad, toy və bayram rəqslərinə bölünürlər. Onlardan şəbih tamaşalarında, təqvim mərasimlərində ("Novruz bayramı", "Səməni rəqsi"), toy şənliklərində ("Qaytağı", "Qoçəli", "Qazağı", "Uzundərə", "Lalə") istifadə edilirdi.
Kütləvi rəqslərin çoxu əmək prosesini, məişət mərasimlərini müşayiət edir. "Halay", "Yallı", "Cəngi" bu qəbildəndir. Kütləvi rəqslərin qədim növü olan «Yallı»lar toy və el şənliklərində instrumental ansambli (iki zurnaçı və nağaraçıdan ibarət), yaxud mahnının müşayiəti ilə ifa olunur, öncə ağır tempdə başlanır, getdikcə yeyinləşir. Vaxtilə yüzdən artıq "Yallı" havası olmuşdur: "Qaz-qazı", "Köçəri", "Əl yallısı" və s. Xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən "Yallı"lar 2-3 hissədən ibarət olur. Adətən bir hava müxtəlif templərdə (ağır, mülayim, iti və ya variasiya) şəklində ifa edilir.
Azərbaycan rəqslərinin janr və məzmunca zənginləş məsində peşəkar bəstəkarların böyük rolu olmuşdur. F.Əmirov ("Simfonik rəqslər"), C.Cahangirov ("Üç rəqs"), T.Quliyev ("Qaytağı") və b. xalq rəqs musiqisinin forma və janrlarimdan istifadə etməklə orijinal əsərlər yaratmışlar. Azərbaycanda balet janrının yaranmasında xalq rəqs musiqisinin önəmli rolu olmuşdur.

Azərbaycan xalq rəqslərinin toplanılmasında, qorunub saxlanılmasında, təbliğində Ü. Hacıbəyovun, habelə onun təşəbbüsü ilə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində müstəqil xor və rəqs qrupu kimi yaradılan, 1938-ci ildə vahid kollektivdə birləşdirilən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (hazırda Fikrət Əmirovun adını daşıyır), 1970-ci ildə yaradılmış Azərbaycancan Dövlət Rəqs Ansamblının böyük xidmətləri var. Gəncədə Dövlət "Göy-göl" Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərir.

Xalq rəqslərinin populyarlığında özfəaliyyət kollektivlərinin ("Çinar", "Yallı", "Şənlik", "Halay" və s.) rolu əhəmiyyətlidir. Qəmər Almaszadə, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Təranə Muradova və başqaları tanınmış Azərbaycan rəqqaslarıdır. Azərbaycan peşəkar və özfəaliyyət rəqs kollektivləri xarici ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuş, həmin ölkələrin tamaşaçılarını xalqın bu dəyərli sənət nümunələri ilə tanış etmişlər. Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutunda xalq rəqsləri öyrənilir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Bakı Xoreoqrafiya Məktəbində rəqs sənəti tədris olunur.

 






Menyu
menyu