Azərbaycanın musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir


Musiqi haqqında ən qədim məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra materiallardan, Qobustan (e.ə. 12-6-cı minilliklər) və Gəmiqaya (e.ə. 3-1-ci minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi-Dədə Qorqud"da (7 əsr), Nizaminin, Xaqaninin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, janrları və alətləri barədə zəngin məlumat verilmişdir.

Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdül-qadir Marağayi (XIV əsr), Fətullah Şirvani (XV əsr), Mirzə bəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi ensiklopedik biliyə malik alimlərinin risalələrində Yaxın və Orta Şərq xalqlarının mədəniyyətləri ilə sıx təmasda inkişaf edən orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi barədə danışılmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir. Səfiəddin Urməvi Şərqdə sistemçilik məktəbinin əsasını qoymuşdur. Onun məşhur "Kitabül-ədvar" və "Şərəfıyyə" risalələri unikal elmi əsərlər kimi bir sıra dillərə tərcümə edilmiş, onlara Şərqin və Qərbin böyük alimləri elmi şərhlər yazmışlar.

Azərbaycan musiqi sənətinin ayrılmaz və önəmli hissəsini qədim ənənələrə, dərin məzmuna, bədii kamilliyə, zəngin janr çeşidliyinə malik olan musiqi folkloru təşkil edir. Musiqi folkloru Azərbaycan xalqının tarixini, həyatını, istək və arzularmı ifadə etmiş, adət və ənənələrini özündə əks etdirmişdir. Musiqi folklorunun ən qədim sahəsi olan mahnılar mövzu rəngarəngliyi ilə seçilmiş, insanların əmək fəaliyyətini müşayiət etmiş, məişəti ilə bağlı olmuş, müəyyən tarixi dövrlərdə xalqı mübarizəyə səsləmişdir.

Muğamlar şifahi ənənəli peşəkar musiqinin yüksək sənət nümunəsidir. Orta əsrlərdə klassik poeziya ilə bağlı inkişaf etməyə başlayan muğamlar dərin məzmun, yüksək ideya, emosional məna daşıyan vokal və instrumental kompozisiyalardır. Fəlsəfi-psixoloji məzmunlu muğam sənətində insanın zəngin mənəvi aləmi, həyat haqqında düşüncələri ifadə edilmişdir. Muğam Yaxın və Orta Şərqin bir sıra xalqlarının musiqi janrıdır. Klassik Şərq musiqisində muğamat 12 muğamdan ("Üşşaq", "Nəva", "Əbusəlik", "Rast", "İraq" (Əraq), "İsfahan", "Zirəfkənd", "Büzürk" (Bozorg), "Zəngulə", "Rahəvi", "Hüseyni", "Hicaz"), 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Azərbaycan muğamları quruluş, dramaturji inkişaf, improvizə xüsusiyyətləri, ifa üsullarına görə digərlərindən fərqlənir. Çağdaş Azərbaycan muğam musiqisində 12 əsas muğamdan 7-si təşəkkül tapmışdır. Əsas muğamların adları Azərbaycan musiqisinin lad əsasmı təşkil edən 7 məqamın (ladın) adı ilə eynidir ("Rast", "Şur", "Segah", "Şüştər","Çahargah", "Bayatı- Şiraz", "Humayun").

Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanəndələrdən xalq artistləri X.Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Arif Babayev, İslam Rzayev, Hacıbaba Hüseynov, Qədir Rüstəmov, Canəli Əkbərov, Alim Qasımov, əməkdar artist Z.Adıgözəlov, tarzənlərdən xalq artistləri Əhməd Bakıxanov, Hacı Məmmədov, Bəhram Mənsurov, Əliağa Quliyev, Ramiz Quliyev, əməkdar artistlər Əhsən Dadaşov, kamançaçalanlardan xalq artistləri Habil Əliyev, Şəfiqə Eyvazova, nağara-çalan əməkdar artist Çingiz Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, Teyyub Dəmirov, Avtandil İsrafilov, sazçalan Ədalət Nəsibov və başqa xüsusi xidmət göstərmişlər. Respublikada həmçinin kamera orkestri (1964, rəhbəri N.Rzayev), xor kapellası (1966, bədii rəhbəri E.Novruzov, sonralar G.İmanova), Muğam Teatrı (1989, bədii rəhbəri İ.Rzayev), Azərbaycan televiziyası və radiosunun Niyazi ad. simfonik orkestri, Musiqi cəmiyyəti (1987- 89 illərdə sədri R.Behbudov, 1989 ildən F.Bədəlbəyli) fəaliyyət göstərir. 1989-cu ildə Dövlət Nəfəs Alətləri Orkestri yaradılmışdır.

Musiqişünaslar Azərbaycan musiqisinin müxtəlif janrlarmı və sənətkarların yaradıcılıqlarını tədqiq etmişlər. Dərin tarixi köklərə malik müasir Azərbaycan musiqişünaslığının əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuşdur. O, Azərbaycan musiqisinin səs sistemi, lad, melodiya, ritm, ifaçılıq sənəti, operanın problemləri və başqa məsələləri araşdırmış, xalq musiqisi sahəsində apardığı elmi tədqiqatlarmı "Azərbaycan xalq musiqisinin əsasları" (1945) fundamental əsəri ilə tamamlamışdır. Ü.Hacıbəyovun musiqi-nəzəri irsi yeni musiqişünaslar nəsli tərəfindən davam və inkişaf etdirilmişdir.
Eramızdan çox-çox əvvəllərə aid edilən zərb, nəfəs və simli musiqi alətlərinin çoxsaylı növləri tarix boyu inkişaf etmiş, təkmilləşmiş və milli musiqi xəzinəmizin əsasını təşkil etmişdir. Bu xəzinənin inciləri əsrlər boyu xalqımızın mədəni inkişafına və yaradıcılıq fəaliyyətinə xidmət etmiş, onun məişətinə, adət-ənənəsinə bəzək vermişdir.
XX əsr Azərbaycan milli musiqisinin tarixində görkəmli yer tutan dahi bəstəkar, publisist və ictimai xadim Üzeyir Hacıbəyovun musiqi alətlərinin inkişafındakı rolu misilsizdir. O, milli musiqi alətlərini xarakterizə etmiş, onların təsnifatını, səs sırasını verməklə gələcək inkişaf perspektivlərini müəyyənləşdirmişdir.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi 50-ci illərdən etibarən xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və S.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev və başqanın əsərləri Avropa, Amerika, Asiyada uğurla ifa edilmişdir. Müğənnilər, SSRİ xalq artistləri R.Behbudov, F.Əhmədova, M.Maqomayev, Z.Xanlarova, L.İmanov, Fidan Qasımova, Azərbaycanın xalq artistləri R.Atakişiyev, Xuraman Qasımova, pianoçular, Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli, Tamilla Mahmudova, Çingiz Sadıqov, Zöhrab Adıgözəlzadə, əməkdar incəsənət xadimləri Elmira Nəzirova, Elmira Səfərova, skripkaçalanlar, Azərbaycanın xalq artistləri Azad Əliyev, Sərvər Qəniyev, altçalanlardan Çingiz Məmmədov, Rəşid Seyidzadə, violonçel çalanlardan Azərbaycanın xalq artistləri Sabir Əliyev, Rauf Abdullayev, kontrabasçalan İslam Hüseynov, nəfəs alətləri ifaçılarından Müzəffər Ağamalızadə, Rəhim Babayev, Ələkbər İskəndərov (fleyta), Kamil Cəlilov (qoboy), Əliheydər Paşayev (valtorn), Hidayət Hüseynov (truba), orqançalanlar Zəhra Cəfərova, Rasimə Babayeva, Tahirə Yaqubova, Rəna İsmayılova, dirijorlar - xalq artistləri Kamal Abdullayev, Rauf Abdullayev, Nazim Rzayev, əməkdar incəsənət xadimləri Nadir Əzimov, Kazım Əliverdibəyov, Ramiz Məlikaslanov, xor dirijorları - xalq artisti R.Mustafayev, əməkdar incəsənət xadimləri Ləman Atakişiyeva, Z.Bağırov, Eduard Novruzov, Əfsər Cavanşirov, dirijor Yalçın Adıgözəlov və başqa müasir Azərbaycan ifaçılığının tanınmış nümayəndələridir.

Müstəqillik dövründə Azərbaycan musiqi mədəniyyətinin milli ənənələrini davam etdirən, müasir musiqi yazı texnikası ilə silahlanmış, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks etdirən istedadlı cavan bəstəkarlar yetişmişdir (Ceyhun Allahverdiyev, V.Allahverdiyev, Vüqar Camalzadə, Rüfət Xəlilov, Rasim İbrahimov, Arzu Məmmədova, Nazim Mirişli, Elmir Mirzəyev və başqa).

 





Menyu
menyu