OPERA


Ü.Hacıbəyovun yaradıcılığında milli bəstəkar musiqisinin, demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi, kantata, romans-qəzəl, kütləvi mahnı və başqa). Yeni Azərbaycan musiqisinin formalaşması azadlıq ideyalarmı, yüksək mənəviyyatı təsdiq edən musiqili teatrdan başlandı. Ü.Hacıbəyov 1908-ci ildə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə həm milli operanm, həm də bütün müsəlman Şərqində opera sənətinin, muğam-opera janrının əsasını qoydu. Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poeması və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhvali-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır. Bəstəkarın başqa erkən operaları - "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operaları da bu janrdadır. Bu operalarda əsas musiqi-dramaturji vəzifəni muğamlar daşıyır. Muğamlar qəhrəmanların obrazlarını açmaqla ənənəvi musiqi səhnə formalarını əvəz edir. Operalarda xordan geniş istifadə edilmişdir (xorun musiqisi müəllif tərəfindən bəstələnmiş və ya xalq melodiyaları əsasında yaradılmışdır).

Ü.Hacıbəyov sosial-məişət mövzularında yazdığı operettalarının musiqisini ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) xalq havalarına əsaslanaraq bəstələmiş və dahiyanə əsərlər yaratmışdır. Onun "Arşın mal alan" operettası dəfələrlə ekranlaşdırılmış, ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmiş, dünyanı gəzərək, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və digər şəhərlərdə tamaşaya qoyulmuşdur.

Yeni Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafında Müslüm Maqomayevin mühüm xidməti olmuşdur. Bəstəkar operalar ("Şah İsmayıl", 1916; "Nərgiz", 1935 və s.), simfonik əsərlər, kütləvi mahnılar müəllifi kimi bu janrların inkişafına böyük təsir göstərmiş, kino və dramatik əsərlərə musiqi yazmış, xalq musiqi folklorunu toplayıb tədqiq etmiş, Azərbaycanda ilk peşəkar opera dirijoru kimi opera ifaçılığı sənətinin inkişafında müstəsna rol oynamışdır.

Azərbaycanın ilk bəstəkarlarından biri də Zülfüqar Hacıbəyovdur. O, "Aşıq Qərib" (1916) operasının, "Əlli yaşında cavan" (1909), "Evliykən subay" (1911) musiqili komediyalarının müəllifidir.

1925-ci ildə Azərbaycan opera heyəti dramatik heyətdən ayrıldı, rus opera heyəti də ona birləşdirildi. Bu da Azərbaycanda opera sənətinin inkişafına təkan verdi. Opera teatrının Azərbaycan heyətinə görkəmli sənətkarlar H.Sarabski, M.Terequlov, Ə.Ağdamski, Hüseynağa Hacıbababəyov, Qurban Pirimov (tar), sonradan Bülbül, M.Bağırov, ilk azərbaycanlı peşəkar qadın müğənni Şövkət Məmmədova daxil idilər. Daha sonra opera səhnəsinə Qənbər Zülalov, Xurşid Qacar, Sürəyya Qacar, Cahan Talışınskaya və başqaları gəldilər.

Opera sənətində Azərbaycan milli musiqisinin yeni üslubu təşəkkül tapmağa başladı. Reynqold Moriseviç Qliyer Azərbaycan musiqi folklorundan geniş istifadə edərək, "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" (1925, tamaşası 1927; 2-ci redaksiyası 1934) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.

M.Maqomayev opera janrının klassik formalarına əsaslanaraq "Nərgiz" operasını (1935; yeni redaksiyası 1938) bəstələdi. "Nərgiz" müasir mövzuya həsr edilmiş ilk Azərbaycan operası idi. M.Maqomayev xalq musiqisinin müxtəlif janrlarının üslub özəlliklərindən istifadə edərək, klassik opera formaları olan ariya, xor, reçitativ və s. yaratmışdır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq eposu əsasında bəstələdiyi "Koroğlu" operasında (1937; SSRİ Dövlət mükafatı, 1941) milli musiqinin janr, kompozisiya, məqam - intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələri və kompozisiya xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. Həqiqi novatorluğu ilə fərqlənən "Koroğlu" Azərbaycan musiqisinin yeni inkişaf prinsiplərini müəyyənləşdirdi.

 

 





Menyu
menyu