Azərbaycanda teatr sənəti


Azərbaycanda teatr sənətinin kökləri xalqın əmək fəaliyyəti, məişəti, şənlik və toy ənənələri ilə bağlıdır. "Şəbih" dini tamaşası Azərbaycanda professional teatrın yaranmasına güclü təsir göstərmişdir. XIX əsrin ortalarında Şuşada (1854), Lənkəranda (1856), Şamaxıda (1856), Tiflisdə (1872) teatr tamaşaları göstərilsə də, Azərbaycan teatrının tarixi Mirzə Fətəli Axundzadənin (Axundov) "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının tamaşası ilə başlanır (10 mart və 17 aprel, 1873, Bakı). Həsən bəy Zərdabinin təşəbbüsü, Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşaları milli teatrın yaranması üçün təkan olur.

1887-ci ildə Firidun bəy Köçərlinin rəhbərliyi ilə İrəvanda M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası Azərbaycan dilində tamaşaya qoyuldu. Şuşada, Şəkidə, Lənkəranda, Naxçıvanda, Tiflisdə, İrəvanda teatr tamaşaları göstərilməsi sahəsində ziyalılardan Haşım bəy Vəzirov, Bədəl bəy Bədəlbəyov, Əhməd Vəlibəyov, Firidun bəy Köçərli, Muxtar Muradov, İsrafil bəy Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdı oğlu, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq Eynəli bəy Sultanov, Rəşid bəy Əfəndiyev və başqalarının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. 70-80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakının teatr xadimləri ətrafında toplaşdılar. 1887-ci ildən Bakı teatr dəstəsinə Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə və N.Vəliyev başçılıq etmiş, 1888-ci ildən onlar artıq müstəqil teatr kollektivi kimi fəaliyyət göstərmişlər.

1917-1920-ci illərdə Azərbaycan mədəni-iqtisadi, həm də siyasi cəhətdən mürəkkəb bir dövr yaşadı (2 noyabr 1917-ci ildə Bakıda Sovet hakimiyyəti yarandığının elan edilməsi, "Sentrokaspi diktaturası"nın qısa müddətli ağalığı, mart hadisələri, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması). Bu dövrün hadisələri ölkənin mədəniyyətinə, teatr sahəsinə də təsir göstərdi. Mart hadisələrindən sonra İrana köçməyə məcbur olmuş mütərəqqi fikirli Azərbaycan ziyalıları, o cümlədən Üzeyir və Zülfüqar Hacıbəyovlar Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Bakıya qayıdaraq fəaliyyətə başladılar. H.Z.Tağıyevin inşa etdirdiyi teatr binası (indiki Musiqili Komediya Teatrı) Azərbaycan truppasının möhkəmlənməsinə, müntəzəm tamaşalar göstərməsinə imkan yaratdı. Bina 1899-cu, 1909-cu və 1918-ci illərdə ermənilər tərəfindən yandırılmışdı.

20-ci illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (Süleyman Sani Axundov), "Şeyx Sənan", "Knyaz" (Hüseyn Cavid), "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" (N.V.Qoqol), "Həyatın dibində" (Maksim Qorki), "Qaçaqlar" (F.Şiller), "Otello" (U.Şekspir) və s. əsərlər tamaşaya qoyulmuşdu. 20-ci illərdən teatrda aktyorlardan A.M.Şərifzadə, Ülvi Rəcəb, M.A.Əliyev, S.Ruhulla, Mərziyə Davudova, İsmayıl Hidayətzadə, Rza Təhmasib, Kazım Ziya, Mustafa Mərdanov, Məmmədəli Vəlixanlı, Əli Qurbanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Möhsün Sənani, M.Yermakova (Məxfurə xanım), rejissor Aleksandr Tuqanov, Bakı Teatr Texnikumunun ilk məzunlarından Fatma Qədri, Rza Əfqanlı, İsmayıl Dağıstanlı və başqaları fəaliyyət göstərmişdilər.

1941-1945-ci illər müharibəsi dövründə teatrın səhnəsində "Aslan yatağı" (Məmmədhüseyn Təhmasib), "İntiqam" (Zeynal Xəlil), "Məhəbbət" (Mirzə İbrahimov), "Vəfa" (Rəsul Rza), "İntizar" (Mehdi Hüseyn və İlyas Əfəndiyev), "Bizim şəhərli oğlan" (Konstantin Mixayloviç Simonov) və s. əsərlər tamaşaya qoyuldu. 

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi qeyd olundu. teatrın üç sənətkarı (M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı) SSRİ xalq artisti adına layiq görüldü. Teatr S.Vurğunun "İnsan" (rej. M.Məmmədov), İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" (rej. Əliheydər Ələkbərov), F.Şillerin "Məkr və məhəbbət" (rej. Ə.Şərifov), N.Xəzrinin "Sən yanmasan" (rej. Ə.Quliyev), C.Məmmədquluzadənin "Ölülər" (rej. T.Kazımov) əsərlərini tamaşaçılara təqdim etdi (Moskva, 1974).

1989-2006-cı illərdə ölkədə 10 yeni teatr yaradıldı və qısa müddətdə yaradıcılıq uğurları nəzərə alınaraq onlara dövlət teatrı statusu verildi (Bakıda Azərbaycan Dövlət "Yuğ" Teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət Gənclər Teatrı, İrəvan Azərbaycan Dövlət Teatrı, Qazax və Füzuli şəhərlərində Dövlət Dram Teatrları, Qusarda Dövlət Ləzgi Dram Teatrı, Qaxda Dövlət Gürcü Dram Teatrı, Qax və Salyanda Dövlət Kukla Teatrları). Sumqayıt Dövlət Dram Teatrının profili dəyişdirilərək ona Dövlət Musiqili Dram Teatrı statusu verildi. 1992-ci ildə Bakıda Bələdiyyə Teatrı da yaradıldı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1990-2006-cı illərdə Türkiyədə, Almaniyada, Rusiyada uğurlu tamaşalarla qastrol səfərlərində olmuş, bir sıra beynəlxalq teatr festivallarında iştirak etmişdir.

Azərbaycanda 28 professional teatr, respublikanın ayrı-ayrı rayon və şəhərlərində 64 xalq teatrı, müxtəlif müəssisə və məktəblərdə həvəskar teatr kollektivləri fəaliyyət göstərir.

 





Menyu
menyu