XIX-XX əsr Azərbaycan ədəbiyyatı


XIX əsrin ilk onilliklərində baş verən ən mühüm hadisə - Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsi olmuşdur. Bunun da təsiri nəticəsində mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənmişdir. Beləliklə, ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Q. B. Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir. Bu prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).

Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən sənətkarlar arasında Abbasqulu ağa Bakıxanovu (1794-1847), Mirzə Şəfi Vazehi (1792-1852), İsmayıl bəy Qutqaşınlını (1801-1861) göstərmək olar.

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının -dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov(1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların formalaşmasına təsir göstərmişdir. Bu da təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinin inkişafına səbəb olmuşdur. Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü "Əkinçi" qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan vermişdir.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. 
XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı "Gülüstan" ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı "Əncüməni-şüəra"ya ("Şairlər məclisi") Fəqir Ordubadi, Lənkərandakı "Fövcül-füsəha"ya ("Gözəl danışanlar dəstəsi") Mirzə İsmayıl Qasir, Şamaxıdakı "Beytüs-Səfa"ya ("Səfanın evi") Seyid Əzim Şirvani, Bakıdakı "Məcməüş-şüəra"ya ("Şairlər toplusu") Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) "Divani-hikmət"ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşudbanu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mir Möhsün Nəvvab başçılıq edirdi.

Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920), Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev(1870-1933) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırmışdılar.

Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması olmuşdur (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də,  həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlmişdir. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.





Menyu
menyu