Layihənin ideyası və qısa məzmunu

Layihə Azərbaycanın zəngin mədəni irsinin tanıdılmasının cəmiyyətin özünə inamının formalaşmasına, digər xalqların isə azərbaycanlılara qarşı hörmət hissinin formalaşmasını təmin etməyə həsr edilib. Bunun üçün mədəniiyyətimizin təbliğində indi demək olar ki, hamının əlinin çatdığı on-line resurslardan istifadə edilməsi nəzərdə tutulub. Belə ki, layihə çərçivəsində azərbaycan və ingilis dillərində saytın yaradılması, zəngin mədəni dəyərlərimizin burada təbliğ olunması planlaşdırılıb.

 

 Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

Bu gün dövlətimiz və xalqımızın qarşısında duran əsas vəzifələrdən biri  Azərbaycanın milli adət-ənənələrini və mədəniyyətini yüksək səviyyədə təbliğ etməkdən ibarətdir. Çünki müasir Azərbaycanın söykəndiyi qədim dövlətçilik ənənələri var ki, bu da bizim qürur mənbəyimizdir. Ulu öndər Heydər Əliyev dövlətçilik tarixinin, adət və ənənələrin hər bir millətin həyatında mühüm rol oynadığını qeyd edərək: “Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkənin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”- söyləyirdi. Bununla ümummilli lider ölkənin hər bir vətəndaşını fərd olaraq öz vətəninin maraqlarından çıxış etməyə, zəngin keçmişi, bu günü və işıqlı gələcəyi ilə qürur duymağa çağırırdı. Və hər bir vətəndaşda öz vətəninə məsuliyyət hissini daha da artırırdı. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın” – deyərək insanları vətənpərvər, öz keçmişinə bağlı, adət-ənənələrinə ehtiram göstərən bir vətəndaş olaraq yetişməsini tövsiyə edirdi. Sevindirici haldır ki, bu gün də milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması öz aktuallığını saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Milli dəyərlər deyərkən bura milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki, bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir.
Sadalanan bu amillər dövlətimiz, xalqımız tərəfindən yüksək səviyyədə təbliğ olunur. Bu istiqamətdə, ilk növbədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi diqqət çəkir. Milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin inkişafı, təbliği yönümündə Fondun Prezidenti, Azərbaycanın birinci xanımı, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyilə keçirilən layihə, proqram, tədbirlər öz əhəmiyyəti, müxtəlifliyilə seçilir. Fond tərəfindən ölkəmizin dünyada təbliğinə yönələn hədəflər uğurla reallaşmaqdadır. Azərbaycanın mədəniyyətinin, adət-ənənələrinin təbliğ olunması, yaşaması istiqamətində görülən tədbirlər bir daha təsdiqləyir ki, dövlətçiliyimiz sağlam təməl üzərində qurulub, heç bir qüvvə onu sarsıtmaq gücündə deyil.

Azərbaycanın mədəniyyətini, milli dəyərlərini təbliğ etmək üçün keçirilən çoxsaylı tədbirlər olduqca qənaətbəxş olsa da müasir dövrün tələblərinə uyğun olaraq təbliğat kampaniyasının qurulması da çox vacibdir. Bunun üçün informasiya texnologiyalarından geniş istifadə olunmalıdır. İnformasiya texnologiyalarından bəhərələnməklə mədəniyyətimizi, milli dəyərlərimizi bütün dünyaya tanıtmaq imkanlarımız vardır. İndi əksəriyyət öz vaxtını sosial şəbəkələr, internet resursları qarşısında keçirir. İnternetdə axtarış sisteminə komanda verməklə müxtəlif sahələrə dair çoxsaylı məlumatlar bankı ilə tanış olmaq imkanı qazanır. Ona görə də həm sosial şəbəkələrdə, həm də internetin digər resurslarında Azərbaycan mədəniyyətinin təbliği məqsədilə ən müxtəlif informasiya və məlumatlar yerləşdirilməsinə ehtiyac var. Beləliklə, informasiya texnologiyalarından bəhrələnməklə zamanın tələbinə uyğun olaraq geniş miqyaslı bir təbliğat, təşviqat işinin qurulmasının vacibliyi qarşımızda durur ki, indiyədək aparılan işlər davam etdirilsin, bu işdə fasiləlilik yaranmasın.

 

Menyu
menyu